AMİU-da Almaniyada təhsil - informasiya günü keçirilmişdir

Tarix: 24-10-2013, 05:49  |  Baxılıb: 1166

Oktyabrın 8-də tarixində Azərbaycan Memarlıq və İnşaat Universitetində Almaniyada təhsil və alman dili kursları ilə bağlı təqdimat mərasimi keçirilmişdir. Tədbirdə Alman Akademik Mübadilə Xidmətinin (DAAD) rəhbəri xanım Nikola Ulliş, Almaniyanın Zigen Universitetinin Beynəlxalq Əlaqələr şöbəsinin əməkdaşı və Zigen Universiteti nəzdində fəaliyyət göstərən alman dili kurslarının rəhbəri Prof.Dr.Ulrix Eberhardt, eləcə də Zigen Universitetinin alman dili kurslarının Azərbaycandakı filialının koordinatoru Vəfa Xəlilova iştirak etmişdilər.

Zigen Universitetində təhsil, fakültə və ixtisaslar barəsində geniş məlumat verən professor Ulrix Eberhardt bu universitetin qədim ənənələrinə sadiq qalaraq burada mühəndislik ixtisasında təhsil almaq üçün geniş imkanların olduğunu və xarici tələbələrin qəbulunun böyük məmnunluqla qarşılandığını vurğulamışdır. Qeyd olunmuşdur ki, Universitetdə tədris ingilis dilində verilsə belə, təhsildən kənar həyatın da olduğunu nəzərə alsaq, alman dilinin öyrənilməsi mütləqdir. Belə olan halda Zigen Universitetinin tələbələrə daha uyğun qiymətlərlə təklif etdiyi Odlar Yurdu Universitetində açılmış alman dili kurslarının filialı təklif olunur. Burada yüksək keyfiyyətlə alman dilini öyrənən tələbələr ildə 2 dəfə DSH imtahanı verir, uğurlu nəticə göstərmiş tələbələrə Zigen Universiteti tərəfindən dil sertifikatı təqdim edilir. Dil kursları haqqında ətraflı məlumat verən və tələbələrin suallarını cavablandıran kursun koordinatoru V. Xəlilova ildə 2 dəfə kursa qəbulun açıldığını və tələbələrin istər adi qruplarda, istərsə də intensiv qruplarda alman dilini öyrənə biləcəklərini bildirmişdir.

Daha sonra Alman Akademik Mübadilə Xidmətinin (DAAD) rəhbəri Nikola Ulliş çıxış etmişdir. Xanım Ulliş alman ali məktəblərinin birgə qurumu olan DAAD-ın fəaliyyəti haqqında geniş məlumat vermiş, bunun beynəlxalq ali məktəb əməkdaşlığı üzrə ən böyük alman maliyyələşdirici təşkilatı olduğunu bildirərək vəzifəsinin xarici ölkələr ilə, ilk növbədə, tələbələrin və elm adamlarının (tələbə, məzun və doktorantları, praktikantları, incəsənət sahəsində olan şəxsləri, alimləri) mübadiləsi vasitəsilə akademik münasibətləri dəstəkləməkdən ibarət olduğunu vurğulamışdır. O, hər il Almaniya hökuməti tərəfindən bu ölkədə təhsil almaq üçün təqaüdlərin ayrıldığını və müsabiqə yolu ilə bağlı sənədlərin qəbulunun oktyabrın sonunda bitəcəyini qeyd edərək, xüsusən də memarlıq və inşaat ixtisasları üzrə təhsil alan tələbələri təklifdən yararlanmağa çağırmışdır.

Tədbirdə tələbələri maraqlandıran suallara da ətraflı cavab verilmişdir.

AMİU-da Almaniyada təhsil - informasiya günü keçirilmişdir AMİU-da Almaniyada təhsil - informasiya günü keçirilmişdir AMİU-da Almaniyada təhsil - informasiya günü keçirilmişdir
back